pressa

Fərid Xayrulinin qara-mavi kvadratı

Fərid Xayrulin - Azərbaycan Jurnalistlər İttifaqının və Respublika Fotoqraflar İttifaqının üzvüdür.

"Humay", "Qızıl Arqus" və H. Zərdabi adına mükafatların laureatıdır.

O, Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətində qeydiyyatdadır.

Azərbaycan informasiya agentlikləri ilə, eyni zamanda, "Röyter" agentliyi və "Azerbaijan İRS", "Azerbaijan İnternational" və digər jurnallarla əməkdaşlıq edir.

O, bir sıra respublika və beynəlxalq fotosərgilərin iştirakçısı və diplomantıdır. Onun işləri Böyük Britaniyanın XİN-in ekologiya departamentini, Almaniyanın özəl fotosərgilərini bəzəyir.

90-cı illər fotojurnalist Fərid Xayrulində axtardıqları insanı tapdılar: sadiq entuziast, vicdanlı, qərəzsiz bir şahid, mahir portret ustası. Onun həyat kitabını jurnalist Nadejda İsmayılova vərəqləyir.

Əslində isə Fərid Xayrulin publisistikaya hələ 70-ci illərdə gəlib. Son onillikdə isə artıq "ulduz"a çevrilib. Dəbdə olan "ulduz"lardan deyil, hər yanda yeri görünən, hər hansı bir hadisəni əbədiyyata həkk etdirməyə, onu yaddaşlara yazmağa qadir olan bir "ulduz"dur. Onu böyük forumlara, konfranslara və rəsmi görüşlərə, təntənəli mərasimlərə və sadə şənliklərə belə dəvət edirlər. Dəvət edənlərin sırasına siyasətçilər və nazirlər, məşhur jurnallar və mötəbər nəşriyyatlar daxildir - o hər bir ölçüdə, hər bir tərzdə şəkil çəkməyi bacarır. Bu möcüzədir? Həm bəli, həm də xeyir. Bəli, möcüzədir, ona görə ki insanın kamillik dövründə bu cür sıçrayış çox təəccüblüdür, çünki demək olar ki, əlinə kamera alan və özünü böyük foto ustası adlandıran kəslərin sayının günü-gündən artdığı bir ölkədə rəqabət çox güclüdür. Xeyir isə ona görə ki... Lakin bu barədə mən, müəllifin özündən öyrənmək istədim. Biz "Azerbaijan İRS" populyar jurnalının redaksiyasında rahatca əyləşdik. Fərid dedi: "Buranın mühiti mənim xoşuma gəlir". Söhbətləşdik. O, bu görüşə öz portfoliosu ilə gəlmişdir. Onilliyin baxımlı, çox maraqlı gündəliyinin dərinliyinə qərq olmuşduq. Şərhlər də məndə böyük maraq döğururdu. "Şəkil çəkən hər bir kəs yalnız görməyə hazır olduğu bir məqamı duya bilir. Həyatın axırından (xaosundan) mən yalnız biganə qala bilmədiyim anları tuturam. O zaman mən sanki maneə törədən amilləri aradan qaldıraraq bütün həyəcanı çılpaqlığı ilə göstərməyə çalışıram".

ƏHVAL-RUHİYYƏ. Xayrulinin əsərlərində yaxşı şəkli adisindən fərqləndirən vacib bir amil var, o da ki fikir, əhval-ruhiyyədir. O, bu dünyanı hamar deyil çox həcmli görür. "Qaçqınlar" seriyasını seyr edərkən, ikiölçülü şəkil adama üçölçülü kimi gəlir. Azərbaycan publisistikası kontekstində məhz onun işləri son onilliyin bütün çalarlarını əks etdirir. O, sosial duyumun hər dəfə yeni dərinliklərinə baş vurmaq qədər sonsuz bacarıga malikdir:

"Mən SİTA - ya "Bakı . 20 yanvar 1990-cı il" fotosunu göndərdim; orada bunun həqiqət olduğuna inanmayıb,həmin faktın saxtakarlıq olduğunu düşündülər. Sonra adını çəkdiyim şəkil "Röyter", "Qamma" və digər aparıcı xarici agentlikləri dolaşdı, çox vaxt hətta müəllifin adı olmadan belə. Həmin əsər yanvar hadisəsi barədə bu mövzuda olan yüzlərlə sözlərdən daha dolğun, ətraflı, dəqiq məlumat verdi".

Onun hər işi - ikimənalıdır,sanki ikilaylıdır. Ümumiləşdirmə enerjisi. "Bakılı Rembo", - deyə, Fərid şəkli mənə göstərir, - bu, yeniyetmələrin kollektiv şəklidir. Döyüşdə qüvvələrin düzülüşünə fikir verin. Qəhrəman,qorxaq və hər dövrdə mövcud olan (yaşayan) və kimin döyüldüyünə fərq qoymayan, "təki döyülən olsun" deyən sıradan biri".

Nəsillərin və sosial təbəqələrin bir-birinə olan acı atmacaları. "Cüt şəkilləri sevirəm: məsələn, "Bədbin", öz babasının medal və ordenlərini bazarda satan gənc bir rəssam, o babanın ki, "bizim parovoz sürətlə irəli gedir, dayanacığımız isə - kommunadır" deyirdi bir zamanlar.İndi isə həmin bu goca parovoz, - Xayrulin yeni bir şəkli tapıb mənə göstərir, -onun öz nəvəsi kimi çıxılmaz vəziyyətə düşüb və tanımadıgı bir istiqamətə çıxıb".

Fərid rəng, işıq, rakurs və anturajla bağlı külli miqdarda stereotipləri qırmağa çalışır. "Fotoşəkil - həyatın güzgüdəki əksi deyil. Bu həyatda hər şey subyektivdir. "Neftin dəyəri" adlı ekoloji seriya. Lakonik kompozisiya. Nəhəng fəzada yeganə neft buruğu. Lakin o, ətrafda olan hər şeyi məhv edir. Çəkiliş vaxtı səma mavi rəngdə,aydın idi, lakin məhv edilmiş torpağa görə duyulan həyəcanı,narahatlığı göstərmək üçün mən onu al-qırmızı rəngə boyadım. Hər bir fənd mövzu üçün çalışmalıdır. Özü üçün deyil".

ONUN PORTRETLƏRİ xüsusi yer tutur. Onlar statik deyil, hərəkətdə, dinamikadadırlar. Hərəsinin də öz taleyi var. Hər bir taledənsə həyatın ümumi dolğun təsviri yaranır. Xəyallara dalmış qəmgin "Parisli qadın". "Mehriban xanımın portreti" - meditasiyaya bənzəyir, gözəlliyin seyrindən doğan həqiqi sevinc hissi. Mələklərin qanadları kimi birləşmiş "Sevgililər"in əlləri. Cadugar və sehrbaz Tofiq Dadaşovun qəlbləri ovsunlayan gözləri. Müdrik ixtiyar Roma papası İoann II Pavelin bütün vücudunda və baxışlarında hansısa iztirab var. Yox, yox, iztirab deyil, qeyriinsani gərginlik var. Mübarizə. Və dünyaya açıq nəzərlərlə baxan sadəlövh, hamıya inanan "Günəş oğlu" şəkli - bizim işıqlı inamımızı, yəni gələcəyimizin simvolik təcəssümüdür.

Hər bir şeydə anilik ovsunu vardır. "Simalar insanın daxili aləminin panoraması və fotorəssamın həyat verdiyi ümumi təsvir deyildir". Kamera və həyat arasında olan məsafə demək olar ki hiss edilməzdir.

Nədənsə Xayrulinin bir sıra qəhrəmanları -məşhur adamlardır. Soruşuram, onları çəkmək çətin deyil ki?

- Əksinə, maraqlıdır, xüsusi ilə o zaman ki, ictimai peşənin sahibi bizim işin vacibliyini dərk edir. Heydər Əliyev bunu anlayırdı. Buna görə də çəkiliş zamanı müxbirlərə kömək göstərirdi. O, kamera qarşısında özünü necə aparmağı çox yaxşı bilirdi.

Bir dəfə mən ABŞ-ın Energetika Naziri xanım O'Lirinin iştirak etdiyi "NeftQaz" sərgisini işıqlandırırdım. Heydər Əliyevin amerikalı nazirlə görüşünün ən vacib məqamında mənim fotokameramda lent bitdi. Mən, cəld tərpənib, lenti dəyişdim, lakin mötəbər qonaqlar artıq stendi tərk etməyə hazırlaşırdılar. Birdən mən ingiliscə qışqırdım: "Mister Prezident, bir dəqiqə! Mümkünsə, əlsıxma mərasimini bir də təkrar edərdiniz". Hamı təəccübdən donub qalmışdı. Heydər Əliyev isə gülümsəyərək (yəni, lazımdır, deməli lazımdır) əlini yenidən xanım O'Liriyə uzatdı. Artıq mətbuat konfransı bitəndən sonra Prezident məndən soruşdu: "Yaxşı, Fərid, sən mənimlə niyə ingilis dilində danışdın birdən?" "Bilmirəm, - dedim, -yəqin ki, vacib kadrı itirmək qorxusundan".

NOSTALGİYA. Deyəsən mən bilirəm Fəridə olan simpatiyam məndə haradandır. O, müəyyən bir dövrün və onun dəyərlərinin, üslublarının, zövqlərinin varisidir. O, Bunin və Heminqueyin yaradıcılığını sevir, klassik musiqi dinləyicisidir: Şopen, Bax, Qara Qarayev, cazdan da böyük zövq alır. Uğurlu çəkiliş ona çox ləzzət verir, işdə yüngülvari seytnotu xoşlayır. Onun nəslinin incəsəntdə öz yolu var: sadə uşaqlıq çağı, zəhmətkeş gənclik, məşhurluqla və qadın pərəstişkarların məhəbbəti ilə bəzənmiş kamillik dövrü. O, 57 il bundan əvvəl Bakıda, elektrik ailəsində dünyaya göz açıb. 229 - saylı orta məktəbdə təhsil alıb. "Bizim çox gözəl məktəbimiz var idi", -xatırlayır Fərid. -" 10 yaşında mən aviamodelçilik üzrə respublika çempionu oldum. Mən raket modelçiliyi ilə də məşğul olurdum. Bizim dövr - kosmosu ram edənlərin dövrü idi. Biz hamımız çox uzaqlara uçmaq arzusunda idik. İlk raketimi mən ov patronundan düzəltmişdim. O, 0.004 kilometrlik, yəni, 4 metrlik məsafəyə qədər qalxdı".

Fərid eyni zamanda basketbolla da məşğul olub. Azərbaycanın yığma komandasında oynayırdı. Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsinə daxil oldu. Sonra birdən birə jurnalistikaya tərəf yönəldi. Qələmini ilk dəfə "Abşeron" adlı kiçik qəzetdə sınadı. "Zenit" fotoapparatı ilə çəkilən ilk şəkli isə "Vışka"qəzetində dərc edildi. Daha sonra "Bakı" - "Baku" qəzetlərinin redaksiyasında çalışdı.

Ötən illər barədə Fərid nostalji hissi ilə danışır: "Jurnalistikanın sirlərini bizə Mark Peyzel şəxsən özü açıqlayırdı, həmin bakılı Gilyarovski. Fotopublisistika məharətini isə "Azərinform"un işçisi İrina Kuznetsovadan öyrənirdim. Bunlar öz sənətini dəlicəsinə sevən peşəkarlar idilər. Mən partiya jurnalistikası kimi gözəl məktəb keçmişəm, o da öz növbəsində mənə işimdə yüksək dərəcədə məsuliyyətli və səliqəli olmağı öyrədib".

- O illərdə yaratdığınız ən baxımlı əsər hansıdır?

- "Azərinform"da çalışaraq, mən SİTA -nın xarici redaksiyası üçün şəkillər çəkirdim. Bir gün qadınlar üçün nəzərdə tutulan ingilis jurnalı mənə parlamentdə çalışan sovet qadınlarından material hazırlamağı sifariş etdi. Bunun üçün isə gənc bir qadın tapmaq lazım idi: deputat, komsomolçu, tələbə, idmançı və sadəcə - gözəl bir xanım. Məni elə qadınlardan biri ilə tanış etdilər, o, parlamentdə anaların hüqüqları ilə məşğul olurdu. Mən özüm gələcək fotohekayənin ssenarisini yazdım. Onunla doğum evinə getdik. Doğuş prosesini görcək, əsərimin qəhrəmanı... huşunu itirdi. Ali Sovetin tribunasında çıxış edir. O,- yenə də doğum evində. Modalar Evində müxtəlif libasları geyinib baxır. Rəfiqələri ilə Opera teatrında. Şəhərdə gəzinti... İngiltərədən materiallar gələndə, hər şeyi yüz dəfə ölçüb-biçən mən çəkilişin bədahətənliyinə inandım. O zəmanədə biz çox dəqiq, inadkarlıqla çalışırdıq. Qazan universitetinin jurnalistika fakültəsində bizi bu cür öyrədirdilər. Sözsüz ki, bugünkü çəkiliş prosesi daha maraqlıdır. Həqiqi həyatı olduğu kimi, yerindəcə yaxalamağı yalnız indi-indi çəkməyə başlayırıq.

- Deməli siz proletariat liderinin bir zamanlar təhsil aldığı ali məktəbi bitirmisiniz?

- Deməli elədir. Yadımdadır, Leninin 100-illiyinə - bu isə 1970-ci il idi - unuversitetdə memorial auditoriya quruldu. Masalar, qapılar, pəncərələr, lampalar XIX əsrin sonu üslubunda idilər. Xarici qonaqlar gəldilər. Hamını qabaqlayaraq,mən təlaş içində auditoriyaya daxil oluram. Qonaqlar otağa keçirlər. Mən isə çəkiliş üçün yüksək nöqtə axtarışındayam. Əvvəlcə stulun üstünə çıxdım. Bir-neçə şəkil çəkdim. Bəs etmədi. Mən masanın üstünə dırmaşdım, ancaq çəkərkən daxilimdə bir həyəcan hiss etdim. Başımı aşağı salanda gördüm ki, "Burada tələbə Volodya Ulyanov oturmuşdur" sözləri yazılan bir masada palçıqlı çəkmələrlə dayanmışam (gülür).

- Bu, qeyri-adi əhvalatlar sırasındandır. Bəs həyat üçün təhlükəli anlar necə, olubmu?

- (Fikrə getdi). Yanvar günlərində mən Səlyan qazarmalarını, Qırmızı qapıları çəkirdim. Əsgərlər yaxınlıqda olan evləri atəşə tuturdular. Dəhşətli atışma idi. Məni komitədən bir nəfər müşaiyət edirdi. Bilmirəm, gözətçi onu tanımadı -nədir, ya da ki mən onun gözünə çox şübhəli göründüm...Birdən o, avtomatı bizə tuşladı. Həyəcandan müşaiyət edən kəs hətta aşağı əyildi. Qəfildən ğözətçi bizdən silahı kənara çəkdi. Bir - neçə gündən sonra orada olan və həmin səhnəni gözləri ilə görən kolleqam mənə danışdı ki, həmin an o, gözətçiyə mənim düşmən olmadığımı çığıraraq, bildiribmiş. Mən ona həyatımla borcluyam.

- O "qızğın"günlərdə siz Qarabağda çəkilişlər edirdinizmi?

- Təşkilat Komitəsinin dövründə mən, dəmir yolunda blokadanın aradan götürülməsini çəkmək sifarişıni aldım. Məni Xankəndi vağzalına gətirib, moskvalı jurnalist kimi təqdim etdilər. Həmin anda yük qatarından yükləri boşaldırdılar. Birdən mənə yaşlı bir yükdaşıyan yaxınlaşır və deyir: "Siz Moskvadan deyil, Bakıdan gəlmisiniz. Bu cür ləhcə ilə yalnız kökü əslən Bakıdan olanlar danışırlar". Pauza. Dəhşətli bir sükut. "Bəli, mən də sizin kimi Bakıdanam, - özümü itirməyib, cavab verdim, - siz də həmin ləhcədə danışırsınız. Lakin hal-hazırda mən SİTA üçün çəkilişlər edirəm".

Yəni mən yalan demədim, amma eyni zamanda bütün gerçəyi də bildirmədim. Çəkilişləri hər şeyə rəğmən bitirə bildim. Bu çox vacib idi. Biz bütün dünyaya, ilk növbədə, Qarabağ ermənilərinin blokada şəraitində olmadıqlarını, ikincisi isə yükləri göndərən və alanların konkret ünvanlarını göstərməyə nail olduq.

BAKI Fərid Xayrulinin sevimli "qəhrəmanıdır". Onun yolunu işıqlandıran ulduzdur. Bu gün hamı Azərbaycanın paytaxtını çəkməyə cəhd göstərir. Lakin Fərid kimi deyil. Onun xüsusi görmə qabiliyyəti, istedadı, daxili "göz"ü var, və məhz elə onun sayəsində sənətkar daşdan olan yeni tikililərin arxasında müasir dövrümüzün məğzini görə bilir. "Yeni Bakı" seriyası - "yüksəkliklərə ucalan ölkəmizin əksidir" - deyir rəssam. Dövranımızın bu portretində hər şey öz əksini tapıb: zəmanənin iqtisadi durumu, müharibələr, mədəniyyətlər, dəb, maliyyə, mənəviyyat.

Soruşuram, arxitektur binaların çəkilişində Fərid hansısa bir sirrli fənd işlədirmi?

- Hər şey qoyulan məqsəddən asılıdır. İnşaatçı-memar binası var. Bu bir çəkilişdir - onların yaratdıqlarını tam tərzdə əks etdirmək. Bu sadəcə fotoprotokoldur. Memarlıq baxımından dəqiq bir çəkilişdir. Bu mənim üçün maraqlı deyil. Bax, bədii çəkiliş - bu başqa məsələ. Burada obyektin obrazını, şəhərin obrazını, dövrün obrazını göstərmək vacibdir.

- Sizcə, yeni inşaat "dalğa"sı ilə qədim memarlıq abidələri necə uzlaşır?

- Dövrlərin təzadlarını göstərmək xoşuma gəlir. Məsələn, teleqüllə və Hacınskinin evi. Onları heç kim bu rakursda görməyib, -qeyd edir Fərid. -Amma "İsmayilliyə" şəklini mən, "memarlıq -daşlara həkk olunan musiqidir" kalamını xatırlayaraq, onu musiqi əsəri kimi yaratdım. İçəri Şəhərin sirrli qüvvəsi var. Elə bilirsən ki,hər yeri çəkmisən, lakin bu qoca Qalada hər dəfə yeni olan nəyisə axtarıb tapırsan.

Fotoqraf Fərid Xayrulinin ilk baxışdan guya ki, sadə və aydın olan fotoları daxilən çox mürəkkəbdirlər, onları tam mənada dərk etmək üçün müəyyən qədər düşünmək və onları qəlbən hiss etmək lazımdır. Onun son illərdəki işlərindən ən görkəmlisi "Fərid Xayrulinin qara-mavi kvadratı" adlanır. Maleviçin, sonsuzluğu əks etdirən mistik "Qara kvadrat"ı ilə analoji deyil. Onun tam əksidir. "Vaşinqtonda bizim səfirliyimizin xollunun tavanında mən orijinal işıqları olan qara çərçivəyə alınmış mavi rəngli kvadrat bir pəncərə gördüm. Göy səma interyerə boylanırdı".

Qeyri-adi şəkildir. Həyatın səma simvolikası. Ucsuz-bucaqsız göy səmalar, bütün həyatı boyu Sənətkar patrondan olan raketləri, müxtəlif planerləri, binaları, evləri və şəhərləri həmin səmalara ucaldır. Bir sözlə desək, Xayrulinin göylərə ucalan ruhu.

DİNARƏ. Zahirən çox gözəgəlimli, ucaboylu, yaraşıqlı, uzun çevik ayaqlara, aydın zəkaya, böyük ürəyə sahib olan Fərid Xayrulin, - uzun müddət subay gəzərək, qızların qəlbini fəth edirdi. "Düzdür, gec evləndim, amma həyatım boyu arzuladığım qadını tapdım".

- Həyatınızda ən xoşbəxt il hansıdır?

- 1987- Fərid düşünmədən cavab verdi, - bu mənim qızım Dinarənin doğulduğu ildir. O vaxt mənim 40 yaşım oldu və mən birdən başqasının həyatına görə məsuliyyət daşıdığımı hiss etdim. Bu başqası - mənim davamımdır.

- Həyatınızın ən xoşbəxt ayı necə?

- Avqust. Dinarənin doğulduğu ay.

- Bəs ən xoşbəxt gün?

- Avqustun 5. Dinarənin ad günü. Yaxşı yadımdadır, həmin gün dünya mənim üçün tamamilə başqa rənglərə boyandı.

Nadejda İsmayılova
“Qalereya” jurnalı,
noyabr 2004 il.