pressa

Avtomatın nişangahı altında

"Mən şəkil çəkirdim, Sovet ordusunun əsgəri isə məni nişan almışdı".

20 yanvar - gənc nəsil üçün bu ən yeni tarixdir, yaşlı nəsil üçün isə bu tarix sağalmayan yaradır. Dünya ictimaiyyəti üçün isə 20 yanvar - "Humay" və Zərdabi adına mükafatların laureatı, fotojurnalist Fərid Xayrulinin çəkdiyi tarixi fotolardır.

Oxuculara həmin günləri onun nəzəri ilə təqdim edirik:

- Bakıya qoşunların daxil edilməsi barədə mən gecə saat ikidə öyrəndim. Bizim "Azərinform" agentliyinin baş redaktoru ev telefonuma zəng vurdu və şəhərdə baş verənlər haqqında mənə xəbər verdi. Səhər tezdən mən şəhər mərkəzinə yollandım, özüm "Neftçilər" metro stansiyası yaxınlığında yaşayıram. İlk gördüyüm mənzərə -"Əzizbəyov" metro stansiyası yaxınlığında iri kalibrli pulemyotdan atəşə tutulmuş bir "KAMAZ" avtomaşını oldu. Onun kabinası qanla və insan bədəninin parçaları ilə dolu idi. Mən dəhşətə gəldim, amma buna baxmayaraq bir-neçə foto çəkdim. Mənə dedilər ki, ən dəhşətlisi Tbilisi prospektində, Səlyan qazarmalarının aşağı darvazalarının yanında baş verib. Mən oraya getdim. Orada, kəsişmədə, qurulmuş barrikadalar, darmadağın edilmiş yük maşınları və avtobuslar var idi. Bu yerdə mən adamı şok vəziyyətinə salan bir səhnə gördüm. Asfalt maşın yağı və qanla boyanmışdı. Və onun üzərində insan meyitlərinin hissələri var idi.

Həmin vaxt jurnalist işləmək çox çətin idi, bu səbəbdən məni iki dostum müşayiət edirdi. Əzilmiş insanların cəsədlərini çəkmək üçün həmin kəsişmədəki sfetoforun yanına qalxanda, bizim kişilərdən ibarət olan bir dəstəni gördüm. Onlar çox həyəcanlı və eyni zamanda qəmgin idilər. Mən onlara tərəf gəlməyə başladım, o zaman onlar da mənə yaxınlaşmağa başladılar. Kişilərin hirsli simaları onların niyyətlərindən xəbər verirdi. Məni qoruyan oğlanlar onlara mənim yerli jurnalist olduğumu izah edəndən sonra, kişilər məni rahat buraxdılar.

Bizim nəsil müharibəni yalnız kinoda görmüşdür. Ona görə də indi gördüklərim mənim üçün yeni və dəhşətli idi. Atəş səsləri səngimək bilmirdi. Mən qəddimi əymədən gəzirdim, fikirləşirdim ki məni öldürmək mənasızdır, "güllə seçim etmir" kalamını unutmuşdum həmin an. Mənim yanımda dörd fotokamera var idi. Rəngli şəkil çəkmək lazım idi, slaydlar üçün...

Orada mən ön şüşəsi gülləboran edilmiş "Təcili yardım" maşınının, sonralar məşhurlaşmış şəklini çəkdim. Həmin maşının içində Maxryovka familiyalı bir həkim həlak olmuşdu.

Mən bu sahədə çəkilişləri bitirirdim ki, uşaqlar mənim yanıma qaçaraq, Səlyan qazarmalarının yaxınlığında "KAMAZ"-ın altında bir gəncin əzilmiş cəsədi olduğunu söylədilər. Mən oraya getdim. Gördüyüm mənzərəni təsəvvür edin: ön planda - kabinası darmadağın edilmiş narıncı rəngdə "KAMAZ". Ola bilsin ki, tank keçərək "KAMAZ"-la toqquşub və onun kabinasını parça-parça edib. Maşının ön təkərlərinin altında bir gəncin meyiti sərilib, onun yanında isə - mərhumun qardaşı fəryad edir. Arxa planda - qazarmaların üzərində qırmızı ulduz olan darvazaları, hasarın uzunluğu boyu isə əsgərlər dayanıb.

Məni əhatə edən şəraitə fikir verməyərək öz işimi görürdüm. Fotoapparatın okulyarından (gözlüyündən) baxırdım, ona görə də Sovet Ordusu zabitinin avtomatı qaldırıb məni nişan almasını heç cür görə bilməzdim. Təkrar edirəm, bundan xəbərim yox idi, məni mühafizə edən oğlanlar sonra mənə həmin epizodu danışdılar. Onlardan biri etiraf etdi ki, bizi nişan alan zabiti görəndə, qorxudan həmin anda gözlərini yumub.

Ümumi bəla ilə müqayisədə mənə çox cüzi görünən həmin vəziyyətə mən onda əhəmiyyət vermədim. Lakin sonralar "Novosti" mətbuat agentliyindən bir kolleqama rast gəldi. O, mənim çiynimə əlini qoyub dedi: "Sən mənə həyatınla borclusan".

Sən demə o, hasarın o biri tərəfində dayanıb, həmin zabitlə söhbət edirmiş. Zabit məni nişan alanda, kolleqam ona deyib: "Sən nə edirsən, sənin qarşındakılar insanlardır axı!"

Hazır materialları biz fototeleqraf vasitəsi ilə Moskvaya, SİTA agentliyinin redaksiyasına yollayırdıq. Bizim işləri qəbul etmədilər, bizə Moskvadan çığır-bağırla zəng vurub deyirdilər: "Bu nədir göndərirsiniz bizə? Bu - saxtakarlıqdır!" Biz onlara elə həmin tərzdə də cavab verirdik və bir müddət onlarla əməkdaşlıq etmədik. Moskva agentliyinin baş direktorunun müavini Gevorkov idi...

Biz Moskva ilə əməkdaşlıq etməyi dayandırdıq, foto lentləri isə Moskvada yerləşən "Sida", "Frans-press", "Assoşieyted Press", "Qamma" və "Röyter" agentliklərinin nümayəndəliklərinə göndərirdik. Onlar bizdən slayd tələb edirdilər, bizim isə slayd lentini çap edib göndərməyə nə vaxtımız var idi, nə də ki texniki imkanımız. Bir də ki hava limanı DTK tərəfindən nəzarət edilirdi. Ona da çarə qıldım - fotolentləri hava limanı rəhbərliyinin əli ilə göndərirdik. Bu hadisələrdən ən uzağı iki gündən sonra yanvar faciəsi haqqında mənim fotomateriallarım bütün dünyanı dolaşdı.

Yanvarın 22-də, gülləborandan üç gün sonra dəfn mərasiminin vaxtı gəldi. Bu çox əzəmətli, tarixi bir hadisə idi və uğurlu foto əldə etmək üçün çəkilişin ən yüksək nöqtəsini tapmaq lazım idi. Mən hiss edirdim ki, problemlərlə üzləşə bilərəm, buna görə də "Azərbaycan" mehmanxanasının rəhbərliyi ilə binanın balkonundan çəkiliş etmək barədə qabaqcadan danışıb, icazəmi almışdım.

Hadisənin ilk hissəsini meydanda lentə aldım, yüksək nöqtələrə, tribunaya qalxırdım. Bu səhnəni ömrümün sonuna qədər unuda bilməyəcəyəm. Milliona yaxın insan yığılmışdır. Çiyinlərində tabutları daşıyan insan izdihamı yerindən tərpənəndə, mən mehmanxanaya qaçdım. Belə hallarda həmişə olduğu kimi, orada hansısa bir problem var idi. Yeddinci mərtəbəyə yüyürürəm, dəhlizdə mərtəbə üzrə yuxulu bir növbətci qadın əyləşib, göründüyü kimi mənim mehmanxana rəhbərliyi ilə danışığımdan onun heç xəbəri belə yoxdur. Mən özümü təqdim etdim, o isə mənə deyir ki, onlar heç bir kəsi pəncərələrə yaxın buraxmamaq haqqında göstəriş alıblar. Bizim aramızda kiçik mübahisə baş verdi, beləliklə mən onu məcbur etdim ki, otağın qapısını açsın. Birtəhər ona başa saldım ki, tarixi bir an baş verməkdədir və mən onu lentə almalıyam. Mən çəkməsəm, heç kim çəkməyəcək.

Qadın otağın qapısını açdı mən də balkona çıxıb, çəkməyə başladım. Bir müddətdən sonra otaqdan çıxmaq istəyirəm - alınmır: qapı bağlıdır. Deməli, xanım məni otaqda bağlayıb, milis çağırmağa getmişdi. Bəs axı mən hadisələrin ardınca hərərkət etməli idim. Taxta qapını ayaqlarımla sındırmaq məcburiyyətində qaldım. Kilidi də qırdım, dəhlizə çıxdım, orada isə milis işcisi və bizim bu növbətçi xanım dayanmışdılar...

Maşınla Dağüstü parka, indiki Şəhidlər Xiyabanına gəlib çatdıq. Oraya yalnız həlak olanların qohumlarını və yaxın adamlarını buraxırdılar. Çox dramatik bir səhnə idi, əsəbləri zəif olan kəslər buna tab gətirə bilməzdilər. Biz çəkilişlər edirdik və həmin fotoları xarici agentliklərə yollayırdıq. SİTA -ya da onları təqdim etmişdik, lakin Sovetlər İttifaqının Teleqraf Agentliyi həmin fotolardan imtina etdi.

O dövrdə, 1988-ci ildən başlayaraq, mütəmadi olaraq biz Moskvaya Qarabağ və Bakı hadisələri barədə fotoməlumat göndərirdik. Adətən bizim fotoları Moskva dərc etmirdi. Yalnız cəmi bir dəfə, 1990-cı ildə, "Pravda" qəzeti mənim çəkdiyim, əlində partlamamış mərmi tutan bir azərbaycanlı əsgərin şəklini çap etdirdi. Şəkli Qazaxda çəkmişdim.

20 yanvar, axşama yaxın faciənin bütün izləri yığışdırılmışdır. Bundan sonra biz artıq xəstəxanalarda, ölüxanalarda yaralı və ölülərin şəkillərini çəkirdik, o cümlədən - dəfn mərasimini. Sonrakı illərdə mən Şəhidlər Xiyabanına tez-tez gəlir, orada, məzarların yanında mərhumların doğmalarının şəkillərini çəkirdim.

Yanvar hadisələri bizim nəsil üçün çox mühüm bir hadisə oldu. Biz dost - düşmənimizi tanımağa başladıq.

Aradan xeyli vaxt keçib, mən isə fəxr edirəm ki, bu cür tarixi hadisələrin iştirakçısı olmaq mənə nəsib olub. Onunla fəxr edirəm ki, ölkəmin tarixinə yazılan bu qanlı səhifə haqqında həqiqətləri bütün dünya ictimaiyyətinə çatdırmaq üçün əlimdən gələni etdim.

Lakin yalnız bir məsələ məni narahat edir. Mənim fotolarım müəllifi bilinməyən mahnılar kimi "xalq"əsərlərinə çevrildilər. Axı bu fotoların müəllifi var, əfsuslar olsun ki onun adı qeyd olunmur. Yanvar faciəsindən bir epizodu əks etdirən fotolarımdan biri Moskvanın "Oqonyok" jurnalında dərc edilib. Fotonun altında isə "fotonun müəllifi bilinmir" sözləri yazılıb. Sonra "Azərinform" bir-neçə fotokitab dərc etdirdi, onlardan biri - "İki il sürən faciə" adlanır və oraya bizim fotomüxbirlərin işləri daxil edilib. Həmin kitabda cəmi iki səhifə jurnalist mətni var, qalan səhifələrdə isə - bizim fotolardır. Mətn müəlliflərinin familiyaları iri hərflərlə kitabın üz qabığında yazılıb, lakin Bakıda və döyüş yerlərində həmin fotoları çəkmək üçün həyatlarını təhlükə altına atan insanların adları nədənsə son səhifədə və ən xırda şriftlə yazılıb. Belə hallar indiyə kimi davam edir. Bizim fotolar tirajlanır, dəfələrlə yenidən dərc olunurlar, ancaq onların müəlliflərinin adları heç bir yerdə çəkilmir.

Həmin hadisələrdən xeyli müddət keçib, yeni nəsil yetişıb. Amma buna baxmayaraq hər il yanvarın 20-də, həmin tarixdə həlak olanların ruhunun qarşısında baş əymək üçün minlərlə insan Şəhidlər Xiyabanına gəlir. Ötən illərdə olduğu kimi, onların arasında mən də olacağam. Şəhidlərin ruhunu yad etmək və, əlbəttə ki, foto çəkmək məqsədi ilə...

Kamal Əli
“Kaspiy” qəzeti,
20 yanvar 2007 il.