pressa

Həyat – ən böyük mükafatdır

2000 -ci ildə çox nüfuzlu "HUMAY" milli mükafatı ilk dəfə olaraq "Peşəkar foto" nominasiyası üzrə təqdim edilirdi. Həmin nominasiyada ilk mükafatı Azərbaycanın tanınmış fotojurnalisti Fərid Xayrulin aldı.

- Öz sənətimdə daha çox nəyi sevirəm? Bəlkə də,müxtəlif insanlarla ünsiyyət imkanını. Axı canlı insani ünsiyyət - bu həyatda ən böyük zinətdir. Bir də ki foto sənətinin əsasını təşkil edən texnoloji prosesin özündən belə mən böyük zövq alıram. Elə olur ki, çəkilişdən gəlirsən, şəkilləri çıxarırsan və istər-istəməz sinəndə həyəcandan irəli gələn bir üşütmə hiss edirsən: görəsən bu dəfə nə edə bilmisən? Mən artıq 34 ildir ki,şəkil çəkməklə məşqulam, və öz işimin bəhrəsini görəndə, həmin həyəcanlı sevinc hissini hər dəfə yaşayıram. Ümumiyyətlə, mən özümü xoşbəxt adam hiss edirəm, çünki sevdiyim işlə məşğul oluram...

Bir dəfə əlinə fotoapparat alıb və bir də heç bir vaxt onunla ayrılmamağa insanı, görəsən, nə vadar edir? Hansı qüvvə onu narahat, qeyr-imüəyyən, çox vaxt isə ölüm təhlükəsi olan bir peşə - fotomüxbir peşəsini seçməyə məcbur edir? Bəlkə də bu həyatın çox qısa olduğundan onu lentə alıb, bu cür uzatmaq istəyindən irəli gəlir. Ya da ki bizi əhatə edən dünyanın qiymətini və təmənnasız gözəlliyini dərk etdiyindən. Həmin gözəlliyi ki,gündəlik qayğılarımıza bütünlüklə qərq olduğumuzdan bəzən görə bilmirik. Belə ki, fotografı fotomüxbirdən,fotomüxbiri isə fotorəssamdan, Sənətkardan ayıran o sədd haradadır,görəsən?

Mən, növbəti şəklə nəzərimi yönəldirəm və yenə də (artıq neçənci dəfədir ki!) təəccübdən donub qalıram. Şəkildə əks olunan insan tipajları,- istər yaşlı qaçqın-qadın, naz-qəmzəli bakılı gozəl, azyaşlı avtomaşın yuyucusu və yaxud küçə alverçisi olsun, - onların hamısı özəl bənzərsizliyi ilə öz üzərində o qədər böyük məna daşıyırlar ki, nəticədə adi şəkil simvol-şəklə çevrilir. Sosial reportaj isə tarixi epos masştablarına qədər ucalır.

Peşəkarın görücü nəzəri ilə bizim dövrü əks etdirən bu qeyri-adi fotoqalereya Fərid Xayrulina məxsusdur. Mənim yerlim-bakılım olan bir sənətkara, onun çoxşahəli və zəngin yaradıcılığı barədə filmlər çəkmək və kitablar yazmaq lazımdır. Çünki onun fotolarının əksəriyyətini (məsələn, təkcə elə "qara" yanvar faciəsinə həsr olunmuş fotoları götürək) tam cəsarətlə Azərbaycan foto sənətinin klassikası adlandırmaq olar. Amma buna baxmayaraq, bu ucaboylu, civə kimi cəld, yaşının kamillik həddinə çatmasına yalnız uzun qalın saçlarına düşən dən dəlalət edir - bu insan öz şəxsi fotoalbomunu dərc etdirməyə heç cəhd belə etməyib. Əvvəlcə elə düşünürdü ki, hələ çox tezdir, tələsməyə dəyməz,təcrübə bir də, əlbəttə ki,maraqlı işlər yığmaq lazımdır. Sonra Sovetlər İttifaqı və kommunist sistemi dağıldılar və bütün ideoloji qadağaları, təsviri görmə azdlığını məhdudlaşdıran senzura maneələrini özləri ilə apardılar. Əsl rəssam üçün doğurdan da xoşbəxt günlər başlandı (bütün baş verənlərin dramatizminə baxmayaraq) indi artıq arxaya dönmədən sərbəst şəkildə öz işini görə bilərsən, məmurlar "Bunu çəkmək olmaz" sözləri ilə hər dəfə adamı təngə gətirməyəcəklər artıq. Təbii ki belə bir vaxtda şəxsi sərgilər və yaxud fotoalbomların nəşri barədə düçünməyə vaxt yox idi: sürətlə ötən zamanla ayaqlaşmaq və vacib, tarixi olan heç nəyi nəzərdən qaçırmamaq lazım idi. Ona gorə də Fəridin millionlarla nüsxələrdə tirajlanan şəkilləri bu gün illyustrasiyalı jurnalların üz qabıqlarından, qəzet səhifələrindən bizə tərəf boylanırlar, onların əksəriyyəti şəxsi fotokolleksiyalarda yerləşir, bəzən də Gərbin nüfuzlu təşkilatlarını bəzəyirlər (məsələn, Böyük Britaniyanın XİN -in ekologiya şöbəsini), lakin bu şəkillərin yaradıcısından sadəcə xoş xatirələr qalir. Yəni müəllif bu və ya digər unudulmaz kadrı hansı şəraitdə və nə cür yaradıb.

- Mən həmişə düşünülmüş jurnalist fotosuna can atmışam. Buna görə də qəzet fotomüxbiri peşəsi məni özünə cəlb etmirdi,halbuki uzun müddət "Баку" qəzetində çalışmışdım. 1982-ci ildə isə "Azərinform"un direktoru Qurviçin təklifini qəbul etdim və fotoxronikaya işləməyə keçdim. Orada fantaziya üçün müəyyən şərait var idi, çünki mən artıq müxtəlif janrlarda foto çəkmək imkanı əldə etmişdim: sosial reportaj, elmi, mədəni mövzularda fotolar, portret janrında çalışmalar. Mənə ümumiyyətlə hər şey maraqlı gəlirdi, hər bir işin öhdəsindən asanlıqla gəlirdim, hətta ilk baxışdan çətin sayılan işlərin belə. Bir dəfə mən "Bakinskiy raboçiy" zavoduna sazişli göndərilmələr nədən vaxtında həyata keçmir?" mövzusunda fotoreportaj hazırlamaq tapşırığı aldım. Təsəvvür edirsiniz?!

- Necə oldu? Öhdəsindən gəldiniz?

- Həmin reportaj SİTA-nın fotoxronikasına göndərildi və "Pravda", "Trud", Sovetlər İttifaqının onlarla vilayət və yüzlərlə rayon qəzetlərində dərc olundu. Əlbəttə ki, bu gün peşəkarlıq baxımından işləmək daha maraqlıdır. Sovet dövründə mətbuatın, o cümlədən də fotojurnalistikanın bir ümumi şüarı var idi: arzu olunan həqiqət barədə yazmaq. Yəni reallığı mövcud olan ideoloji yönümlərlə uzlaşdırmaq. Bu səbəbdən də biz poza bilməyəcəyimiz oyun qaydalarına uyğun olan müəyyən çərçivələrdə çalışırdıq. Amma mən yenə də o mövqedə qalıram ki, sovet və partiya jurnalistikası məktəbini keçməsəydim, heç bir vaxt peşəkar ola bilməzdim. Düzdür,həmin dövrdə müəyyən tapşırıqlar, qadağalar mövcud idi, çox vaxt istədiyin deyil, tələb olunan işi görmək məcburiyyətində qalırdın. Bunu etmək həmişə çox çətin idi. Ümumiyyətlə, mənim zənnimcə, sözün əsl mənasında Sənətkar - ona verilən tapşırığı 100 faizlik uğurla həyata keçirə biləcək bir mütəxəssisdir... Lakin onu da deməliyəm ki, əsl "mənlik" mövzu yenidənqurma illərinə dəlalət edir.

Həmin mövzu Qarabağ müharibəsi ilə bir yerdə onun qəlbinə girdi, onun daxilində bir fırtına yaratdı, uzun müddət özünə cəlb etdi... Bakının küçə və meydanlarının yoxa çıxmış dincliyi, nümayışlərə toplaşan minlərlə Azərbaycan vətəndaşlarının izdihamı, gülləboran edilən paytaxt "doqquzmərtəbə"lərindən birinin balkonu, "şərəfli" Sovet ordusu zirehli maşınlarının tırtılları altında tanınmaz vəziyyətə salınmış oğlan və qızların cəsədləri. Və qaçqınlar, qaçqınlar, qaçqınlar...

80-ci illərin axırı - 90-cı illərin əvvəlində Fərid bütün Dağlıq Qarabağı ələk-vələk etdi: Şuşada partladılan Ağa Körpüsünün görüntülərini ilkin olaraq çəkmək, qaçqınlara gətirilən humanitar yardımım ilk karvanlarını lentə almaq, Viktor Polyanichkonun başçılıq etdiyi Təşkilat Komitəsinin ilk iclasında olmaq belə Xayrulinə nəsib oldu. Bir dəfə,Xanlara gedərkən, Ağdamda Xalq Cəbhəsinin təşkil etdiyi mitinqə yollanan yerli sakinlər izdihamı Fərid və onun SİTA-dan gələn moskvalı kolleqasının yolunu kəsdilər. Mərkəzi mətbuatın Qarabağ separatçılarına olan tərəfkeş münasibəti, təbii ki, Azərbaycanda birmənalı qarşılanmırdı. Əgər Fəridin təbiətinə xas olan mülayimlik və gözəl danışıq qabiliyyəti olmasaydı, bəlli deyil ki, bu iki fotomüxbirin Ağdam sakinləri ilə söhbəti nə ilə bitə bilərdi. Sonralar o, eyni problemlə, yəni izdihamın nifrəti ilə Stepanakertdə də qarşılaşdı, bu dəfə onu "azərbaycanlı cəsus" kimi qələmə vermişdilər. Erməni aqressiyası mövzusuna həsr olunan "İki ill sürən faciə" adlı ilk fotoalbomda və məşhur "Qara yanvar" kitabındakı şəkillərin yarısından çoxu Fərid Xayrulina məxsusdur.

Fərid üçün ən yaddaqalanı isə 1990-cı ilin qanlı yanvar hadisələrinin izi ilə aparılan çəkilişlərdir. Həmin hüzünlü tarixdən bizi artıq uzun illərin ayırmasına baxmayaraq, Fərid bu gün də həmin anları həyəcan hissi ilə yad edir.

- Yanvarın 20 -də təxminən səhər saat 8-9-da biz şəhərə çıxdıq. Mən pəhləvan cüssəli iki gənc bakılı dostumun əhatəsində idim. Yadımdadır, Səlyan qazarmalarının yaxınlığındakı kəsişməyə gəlib çıxdıq, orada hal hazırda "Avropa" mehmanxanası yerləşir. Bu zaman mən insan cəsədlərini gördüm.Əzilmiş kəllələr, yerə tökülən insan bağırsaqları. Al qana boyanmış asfalt. Haradasa yaxınlıqda atəş səsləri gəlirdi.Birdən mənə elə gəldi ki, bunların hamısını yuxuda görürəm. Ya da ki - kinoda.Biz axi müharibəni yalnız kinoda görmüş uşaqlar olmuşuq.Düzdür, mən əskərlikdə olmuşam, lakin heç vaxt dinc əhalinin meyitlərini küçələrdə görməmişəm.

Çəkilişə yenicə başlamışdım, yüksəkliyə qalxdım, bir də gördüm ki üstümə aqressiv insan kütləsi gəlir. Düz üstümə gəlirlər. Yəqin elə biliblər ki, mən moskvalı müxbirəm. Yaxşı ki məni müşayiət edən oğlanlar onlara mənim yerli, bakılı olduğumu izah etdilər. Sonra da mən bir - neçə kəlmə azərbaycanca dedim.

Çəkməyə başladım. Qəddimi əymədən,əyilmədən, gizlənmədən çəkirdim. Yadımdadır, bir fikir gəldi həmin an ağlıma: axı mənə nə edə bilərlər? Mən ki, terrorçu, silahlı bir insan deyiləm. Sadəcə öz işimi görürəm. Bu müsibəti necə lentə aldım - heç özüm də bilmirəm. Axı bütün gördüklərimdən şok vəziyyətinə düşmüşdüm. Yəqin ki, peşəkarlığım bu dəfə də dadıma çatdı. Çəkərək, fikirləşirdim: bu kadr yerli xronika üçündür, bu birirsini isə mütləq xaricə göndərmək lazımdır.

Mən yenidən kəsişməyə çıxanda, dostlarım mənə dedilər ki, "KAMAZ"-ın altında bir gəncin cəsədi var, qardaşı isə onun üzərində fəryad edir. Mən oraya qaçdım. Və dəhşətli bir mizansəhnənin şahidi oldum: Səlyan qazarmasının hasarı, darvaza və onun üzərində ulduzlar. Hasarın perimetri ilə əsgərlər dayanıb, onlardan 15 metr aralı isə həmin bu təzə "KAMAZ". Təkərlərin altında - əzilmiş insan bədəni və onun üzərində hönkürən bir gənc. Mən bir-neçə kadr etdim və "Azərinform"a getdim. Yolda məni müsayiət edən oğlanlar mənə deilər: bilirsən, səni Səlyan qazarmalarının yanında az qala öldürmüşdülər. Mən əvvəlcə inanmadım, fikirləşdim ki, şişirdillər yəqin. Bir həftədən sonra isə Dima Kalininə rast gəlirəm, o da mənə deyir ki: sən mənə borclusan. Sən demə, mən şəkil çəkən zaman o, hasarın o biri tərəfində dayanıb, zabitlə söhbət edirmiş. Zabit isə mənim ordunu nüfuzdan salan məlumatları "yığdığimi" görəndə, əsəbləşib məni nişan alıb. Dima o dəmdə cəld tərpənib zabitə deyib: "Siz nə edirsiniz? Bu yoldaş-mənim kolleqamdır, SİTA-nın müxbiridir". Yalnız SİTA-nın adını eşidəndən sonra zabit avtomtı aşağı endirib.

O günlərdə biz Moskvaya 10 çarx nadir material göndərdik. Əvəzində isə belə cavab aldıq: siz orada, Bakıda, saxtakarlıqla məşğul olursunuz. Yaxşı ki, həmin vaxtda biz artıq müxtəlif xarici fotoagentliklərlə əlaqələr yaratmışdıq. Ən nadir slaydlar, fotoşəkillər Qərbə yollandı. Biz onları tam təmənnasız olaraq göndərirdik. Əsas məqsədimiz o idi ki, bütün dünya baş vermiş qəddarlıq barədə həqiqəti öyrənsin. Sonra isə öyrəndik ki, bizim bu materialların hesabına zənginləşən insanlar da var idi, böyük pullar qazanırdılar. Allah bilsin onlarla...

Fotojurnalistikanın onun əsas peşəsi, həyatının ən vacib işi olması hissi birdən yaranmadı. "Smena" fotoapparatını hədiyyə alanda, Fərid yeddinci sinifdə oxuyurdu. Həmin fotoapparatla o bir-neçə şəkil çəkdi və tezliklə bu işi unutdu. Həmin zamanlarda o texniki fənnlərə meyil göstərirdi, raket quraşdırılması ilə məşğul idi, Bauman adına peşə məktəbinin radiofizika və radioelektronika fakültəsinə daxil olmaq istəyirdi. Lakin talenin yazısı başqa idi, və Fərid məşhur Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsinin tələbəsi oldu. Ali məktəbin basketbol üzrə yığma komandasına daxil idi. Bir sözlə, hər şey öz qaydası ilə gedirdi. Sonra birdən nəsə dəyişdi. Qazandığı ilk pula Xayrulin "Zenit" fotoapparatı aldı və iki aydan sonra respublika üzrə bədii foto sərgisinə bir-neçə şəkil göndərdi. Fotolar qəbul edildi, sonra isə yerli mətbuatda dərc olundu.

Övladlarının nüfuzlu ali məktəbi tərk edib fotomüxbir peşəsi ilə ciddi məşğul olmaq istəyini öyrənəndə, valideyinlər bunu heç cür qəbul etmək istəmədilər. Dərəcəli fəhlə olan atası oğlunun bu marağını ciddi qəbul etmirdi,buna sadəcə bir əyləncə kimi baxırdı. Lakin buna baxmayaraq Fərid öz bildiyini etdi:sənədlərini institutdan geri götürüb, "Vishka", "Molodyoj Azerbaydjana" qəzetləri ilə əməkdaşlıq etməyə başladı, sonra da "Baku" qəzetinin ştatlı işçisi oldu. Bu cavan oğlan o vaxtlara görə çox yaxşı pullar qazanırdı, lakin təhsilə, savad almağa olan böyük həvəsi onun tərcümeyi-halında kəskin dönüş yaratdı. 1969-cu ildə o, Qazan Universiteti jurnalistika fakültəsinin əyani şöbəsinə daxil oldu. Həmin vaxta Fərid bir fotomüxbir kimi artıq formalaşmışdır və, təhsildən başqa, yerli redaksiyalarda, radioda çalışırdı. Onun fotoları daima çoxsaylı tələbə qəzetlərini bəzəyirdi. Ayına haradasa 300 rubla yaxın qazanırdı. Bir sözlə, təhsil aldığı zaman ailəsi tərəfdən maddi dəstəyə onun ehtiyacı yox idi. Böyük məsuliyyətlə xidmət etdiyi orduda belə Fərid Semipalatinsk regionu üzrə dairə gəzetinin ictimai xüsusi müxbiri idi. Beləki, sıravi Xayrulin az məvacibi olan sıradan bir zabitdən qat-qat imkanlı sayılırdı. Fərid yumor hissi ilə qeyd edir ki,ictimai-siyasi qurumların dəyişməsini o, demək olar ki, hiss etmədi. Yəqin ona görə ki, erkən yaşlarından müstəqil həyata atılıb, daima hər şeyə özü nail olmağa öyrəşib.

Bizim sənətdə çox şey dünya görünüşündən, insanın bu həyata subyektiv baxışından asılıdır. Bu baxış isə, öz növbəsində, mədəniyyətin ümumi səviyyəsi ilə, oxunulan kitablarla, yaşanan təcrübə ilə müəyyən edilir. Mən bir çox əsərlərimi şəkil çəkmədən əvvəl görürəm. Yəni təxminən həmin kadrın orijinalda necə görünəcəyini təsəvvürümə gətirirəm. Çünki mən onu başımda xeyli müddət gəzdirirəm,bu mənim daxilimdə gedən daimi iş prosesindən, düşüncələrimdən irəli gəlir. İncildə qeyd olunduğu kimi: "Əvvəlcə söz var idi"?

- Bəs xüsusi hazırlıq keçməyən hər bir naşı kəsin işlədə biləcəyi supermüasir fotokameraların peyda olması fotoqraf peşəsinin nüfuzunu endirmədi ki?

- Bilirsinizmi, insanın əlində hansı kamera olursa olsun, hətta ən müasiri belə, yenə də fotoçəkilişdə əsas rolu insanın özü oynayır. Hətta mənim peşəkar kolleqam da mənim işimi görə bilməz. Bəlkə o məndən də yaxşı görər həmin işi, amma mənim kimi yox. Çünki hər kəsin öz dünya görüşü var. Peşəmin gözəlliyi ondadır ki,o sonsuz variasiyalardan ibarətdir. Həyatın özü kimi sonsuz...

Fəridin öz ilk şəxsi fotoalbomu üçün hazırladığı fotolara baxanda, bu sözlərin ədalətli olduğuna inanırsan. Xəzərin ekologiyası mövzusunda çəkilən şəkillər daha böyük təəssürat yaradır. YBNZ -n üzərindəki qara tüstü buludları, Apşeronda neft səhrası, neft axtarışları ilə əbədi olaraq məhv edilmiş dənizin ölü sahəsi. Bir sözlə, XX əsr sonunun Axırzamanı (Apokalipsisi). Çox qüvvətli, kəskin, açıq-aydın məna ilə və gerçək dramatizmlə çəkilən bir şəkildir. Eyni zamanda hiss olunur ki, bu şəkillər kənar müşahidəçinin işi deyil, onları bu torpağa qanı ilə, canı ilə bağlı olan və bu səbəbdən onun üzərində baş verən hər şeyi öz şəxsi ağrı-acısı kimi qəbul edən bir insanın zəhmətidir.

Bakıda bu dünyaya göz açan, böyüyən və bütün ömrünü burada keçirən Fərid Xayrulin tam müxtəlif olan rus, tatar,azərbaycan və, nəhayət, sovet mədəniyyətlərini özündə cəmləndirib. Amma yenə də özünü kosmopolit hesab etmir. O, təbii ki, eyni peşəkarlıqla Bakıda, Moskvada ya da Vaşinqtonda çəkilişlər apara bilər. Lakin şəkillərdə sənətkar dəsti-xəttindən savayı onun ürəyinin döyüntüsü, cuşa gələn emosiyalar da hiss olunmalıdır, bunun üçün isə sənətkar həmin torpaqda yaşamalı, onun ağrılarına, problemlərinə, dərdlərinə şərik olmalıdır. Yalnız o zaman peşəkar fotşəkil əsl mənəvi yaradıcılıq nümunəsinə çevrilir. İncəsənət nümunəsinə. Hər halda bu, Fəridin şəxsi mövqeyidir.

...Ucaboylu, ağsaçlı, gənc təbəssümü olan bu adamı respublikada hamı tanıyır -sıravi ucqar kənd sakinindən tutmuş Azərbaycanın Prezidentinə qədər. Bir dəfə Azərbaycan Milli Televiziyasının çoxmillionlu auditoriyası nadir bir süjetin şahidi oldu. Fərid digər jurnalistlərlə bərabər Amerika səfirliyində keçirilən ABŞ-n Müstəqillik Gününə həsr olunmuş ziyafətdə çəkilişlər aparırdı. Respublika Prezidenti Heydər Əliyev onu görcək, səfir Stenli Eskudero ilə söhbətini kəsdi və Fəridi öz yanına çağırdı və səfirə dedi:

- Bilirsiniz, bu, adi fotoqraf deyil. Bu - çox yaxşı fotoqrafdır. 1990-cı ildə mənim Bakıya dönüşümün ilk günündə onun çəkdiyi şəkillər hələ də mənim arxivimdə qorunub saxlanılır.

Məlumatı olmayanların nəzərinə çatdırmaq istəyirəm ki, Heydər Əliyevin o vaxtlar Bakıya dönüşü əslində yarıməxfi idi. Və Azərbaycanın o dövrdəki rəhbərliyinin istəyinə zidd olaraq həyata keçmişdir. Ona görə də, dövlət agentliyində çalışan fotoqraf bir şəxsiyyət kimi çox güclü və cəsarətli olmalı idi ki,həmin anda müxalif sayılan Əliyevin yanında olsun. Həmin epizodu Prezident özü də xatırladı və onu təfərruatı ilə ABŞ -n səfirinə danışdı. Fəridlə sağollaşanda isə Heydər Əliyev Xayrulinə problem olduğu bir halda utanmayıb, ona müraciət etməsini dedi.

Lakin qeyd etdiyimiz kimi, Xayrulin bütün problemləri özü həll etməyə alışmışdır, bu üzdən də ölkə rəhbəri ilə etibarlı münasibətlərindən heç bir zaman istifadə etmədi. Ancaq yox, deyəsən bir dəfə belə bir məqam oldu, Xayrulin subordinasiyanı pozmalı oldu. "Xəzərin Neft və Qazı -95" adlı Beynəlxalq sərgisinin açılışında baş verən bu epizod barədə fotoqraf ona xas olan yumor hissi ilə danışır:

- Bu sərginin işıqlandırılması üçün mən ABŞ-n Energetika Nazirliyindən sifariş aldım. Tədbirdə iştirak etmək üçün Vaşinqtondan Bakıya ABŞ-n Energetika Naziri xanım O'Lirinin başçılıq etdiyi nümayəndə heyəti gəldi. Mən, deməli, mərasimin açılışını çəkirəm. Hər şey öz qaydası ilə gedir. Birdən - dəhşət! - işimin ən vacib anında, Azərbaycan Prezidenti və madam O'Lirinin mətbuat üçün bir-birinin əlini sıxmaları zamanı mənim fotokameramda lent sona yetir. Mən əllərim əsə-əsə kasseti dəyişirəm. Saniyələr isə gedir - bir,iki,üç... Nəhayət,kamera çəkilişə hazır olanda, tərslikdən Prezident və Energetika Naziri bu mərasimi bitirərək, mətbuata arxaları ilə çevrilirlər və getmək istədikləri anda birdən mən qışqırıram: "Mister Prezident, bir dəqiqə!". Özü də həmin sözləri mən nədənsə ingiliscə deyirəm. Mənim, həyəcandan batmış səsimi eşidən Heydər Əliyev təəccüblə dönür və məni nəzəri ilə axtarıb tapır. Mən, yalvarıcı jestlərlə ondan yenidən ABŞ-n Energetika Nazirinin əlini sıxmasını xahiş edirəm. Prezident həvəslə mənim xahişimi yerinə yetirir. Mən bir-neçə şəkil çəkirəm. Vəssəlam, budur, mənim peşəkar adım xilas edildi!

Bir müddət sonra Prezident sərgi pavilyonlarına baxmaq üçün zala endi. Mən həmin vaxt yaxınlıqda idim. O, bayaqkı hadisəni yada salıb, mənə baxdı və güldü: "Xayrulin, sən nədən mənimlə ingiliscə danışdın?" Mən Heydər Əliyevə başıma gələnləri anlatdım, yəni ən vacib kadrı az qala "qaçıracağımı", və göstərdiyi köməyə gorə ona öz dərin minnətdarlığımı bildirdim. Bax belə qeyri-adi bir əhvalat!

Fəridin peşəkar taleyi bu cür əhvalatlarla doludur. Maraqlı, utandırıcı, çox gülməli və yaxud qəmli, kədərli, bəzən də faciəvi əhvalatlarla. Onlardan bir kitab da yazmaq olardı. Fotomüxbir taleyindən, o taledən ki, onda sanki bir güzgüdəki kimi bütün ölkənin taleyi əks olunur. Və bütün xalqın.

Fərid Xayrulindən soruşanda ki, öz jurnalist fəaliyyətinə görə hansı əsas mükafata layiq görülüb, o, adətən, cavab verir: "Mükafatım - həyatdır". Bu da peşəkar şıltaqlığı deyil, başqalarından fərqlənmək üçün deyilməyib. O, doğurdan da dəfələrlə ölümlə əlbəyaxa olub. Xankəndində, Şuşada, Ağdamda, Bakıda. Məhz buna görə də o, Allaha minnətdarlığını bildirir ki, səfeh güllə gəlib onu tapmayıb və o indi sağ-salamatdır. Və ona əvvəlki kimi ehtiyac duyulur, və o, çox sevdiyi bir işlə məşğuldur. Bir də ona görə minnətdardır ki, ailə səadəti var və bu ailədə onun həyatında ən vacib bir insan olan qızı Dinarə böyüyür.

Onun narahat azad həyatına çox gec qədəm qoyan uşağın dünyaya gəlişi ilə Fərid çox şeylərə öz nöqteyi-nəzərini dəyişdi. Deyir ki, indi o artıq yaşadığı həyatın hər anını daha çox və daha da dəqiq qiymətləndirir. Bir də məsuliyyət hiss edir. Çox böyük bir məsuliyyət. O, qızına hər şey vermək istəyir, vaxtında özünün dərk etmədiklərini ona anlatmaq istəyir,özünün həyatda etdiyi səhvlərdən onu qorumaq istəyir. Qeyd etmək lazımdır ki, onun çox ağıllı qızı var. Atasının məsləhətlərini dəyərləndirir,onlara əməl edir. Gənc olmasına baxmayaraq (14 yaşı var), artıq indidən özünün gələcək peşəsini seçib. Hüquqşünas olmağa hazırlaşır. O hətta evdəkilərlə də hüquqi terminlər vasitəsi ilə danışır. Bir dəfə o, ana və atasına onu Azərbaycandan kənara çıxarmadıqlarına görə belə dedi:

- Nədir, məgər mən ölkədən çıxmamaq üçün sənəd imzalamışam?

Fərid də səyahət etmək arzusundadır. Son zamanlar o, reklam şəkilləri ilə məşğul olmağa başladı, Azərbaycanda fəaliyyət göstərən iri xarici firmalardan təkliflər də boldur. Xayrulinin işindən razıdırlar, ancaq o öz işindən məmnun deyil. Bu sahədə xaricdə necə işlədiklərini öyrənmək istəyir. Xüsusi ilə də Avropada, Qərbdə, reklam şəkli məktəbinin inkişaf etmiş ölkələrdə. Əlbəttə, Fərid bütün yeniliklərdən xalidir: o çoxlu mütaliə edir, foto dünyasında ən yeni nəaliyyətlərlə kataloq və fotoalbomlardan tanış olur. Amma yenə də o kolleqaları ilə canlı ünsiyyətə üstünlük verir. Hər bir sənətin peşəkarı kimi o daima axtarışdadır. Həmişə götür-qoy edir. Hər zaman kamilliyə can atır. Gəlin bu yolda ona uğurlar arzulayaq!

Elmira Axundova
“Favorite” jurnalı,
aprel 2002 il.