pressa

Fərid Xayrulin, fotojurnalist: “Mənim üçün həyatda hər şey maraqlıdır”.

... Onlar mənə, mən isə onlara baxırdım. Tərpənmədən baxırdım, sakitcə, lakonik çərçivələrə salınmış fotolövhələrdən gələn energetikanı sanki dağıtmaqdan qorxurdum. Ölkəmizdəki hər bir tədbirdə, hər bir hadisədə o mütləq iştirak edir. Demək olar ki, onu hamı tanıyır. Şəhərin tən yarısı onunla salamlaşır. Onun millionlarla nüsxələrdə tirajlanan fotoşəkilləri isə bütün dünyaya yayılıb, onlar məşhur jurnalların üz qabıqlarını, qəzetlərin ön səhifələrini, Almaniyanın, İsraelin, Rusiyanın, ABŞ-ın özəl fotoqalereyalarını, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin və Avropanın digər nüfuzlu təşkilatlarının divarlarını bəzəyir. Onun işləri rəngarəngdir, mövzu, ideya, ekspressiya, dramaturgiya baxımından müxtəlifdir. Həmin bu bənzərsizlikdən də elə bizim dövr haqqında təsəvvür yaranır. Həmin təsəvvür "Humay", "Gızıl Arqus", Həsən bəy Zərdabi adına mükafatlar laureatı rəssam, jurnalist, fotomüxbir Fərid Xayrulinin izaholunmayan istedadı nəticəsində formalaşır. Sabah onun yubileyidir: Fərid Xayrulinin 60 yaşı tamam olur.

- ­Fərid, yəqin ki sizin işlərinizi görüb, təəccübdən donub qalan birinci insan mən deyiləm. Çünki işləriniz həddindən artıq mənalı və məzmunludur. Hər gün yanından sürətlə ötdüyümüz, əhəmiyyət belə vermədiyimiz anları fotokamera obyektivi vasitəsi ilə bu cür yüksək peşəkarlıqla tutmaq bacarığının sirri nədədir?

- Sirri nədədir? Yəqin ki, bu mənim hər şeyi bilmək, görmək istəyimdən irəli gəlir. Mənə həyatda hər şey maraqli gəlir. Uşaqlıq illərində gəmi,raket, təyyarə düzəltməklə məşğul olurdum, eyni zamanda. radio həvəskarı idim. Hətta 10 yaşım olanda aviamodelçilik üzrə Azərbaycan çempionu da oldum. Habelə öz əllərimlə bir dəfə tozsoran da düzəltmişəm...

- Velosiped necə, onu icad etməmisiniz ki?

- Bu da eyni bir şeydir. Sizcə bunların hamısı mənim nəyimə lazım idi? Sadəcə maraqlıdır, vəssəlam!

- Deməli, siz texniki fənnlərin nümayəndəsisiniz?

- Əslində, humanitar fənnlərin. Hələ məktəbdə oxuyarkən şeyr yazırdım, hətta divar gəzetini şeyrlərlə bəzəyirdim, Dikkens üslubunda hekayələr yazırdım.

- İlk şeyriniz yadınızda qalıb?

- Bəli! Mən onu ikinci sinifdə oxuyarkən yazmışdım. "Pioner" jurnalını aldım, orada isə Yuri Qaqarin adına Sarayın ədəbiyyat dərnəyindən bəhs edilirdi. Qardaşım isə mənə dedi ki, "Sən şeyr yaza bilməzsən!" - o mənə həmişə bu cür sataşırdı. Biz onunla həyətdə gəzirdik. Birdən qarşımıza bir it çıxdı. Mən də elə dərhal dedim: "Mən cığırla gedirdim..." Və gedərdim də - ədəbiyyatçı olmağa, əgər 10-cu sinifdə bizə ədəbiyyatdan təzə baş bəlası müəllimə gəlməsəydi. Mən əlaçı idim, o isə mənim qiymətlərimi ədalətsizcəsinə aşağı salırdı. Mən bundan narazı qaldım. Onun haggında hansı fikirdə olduğumu bildirdim. Beləliklə, ədəbiyyatçı olmadım, Azərbaycan Neft və Kimya İnstitutuna daxil oldum. O vaxtdan da elə fotoşəkil çəkməklə ciddi məşğul oldmağa başladım. Yerli qəzetlərlə əməkdaşlıq edirdim, ali məktəbi bitirdikdən sonra isə dörd il "Bakı" və "Баку" qəzetlərində fotomüxbir vəzifəsində çalışdım. Belə ki, tale yolları məni Qazan Universitetinin jurnalistika fakültəsinə gətirəndə mən artıq peşəkar fotomüxbir idim. Əlbəttə ki, burada da qəzetlərlə əməkdaşlıq edirdim, ilk növbədə universitetin çoxsaylı qəzeti ilə. Sonra isə "AzərTac"da, o zamanki "Azərinform"da işlədim. SİTA - çox gözəl bir məktəb idi. Moskva bütün materialları iki əsas kateqoriyalar üzrə qiymətləndirirdi: jurnalist peşəkarlığı və təsvir olunan materialın nə dərəcədə maraqlı olması.

- Lakin siz mənim sualıma cavab vermədiniz..

- Sirr nədədir? Cavab verdim. Bizim sənətimizdə çox şey insanın dünya görüşündən, onun həmin dünyanı qavramaq, duymaq qabiliyyətindən asılıdır. O isə, öz növbəsində, mədəniyyətin ümumi səviyyəsi ilə, oxuduğun kitablarla, dinlədiyin musiqi ilə müəyyən edilir. Bir sözlə, yaşadığın hər şeylə. Hər hansı bir şəkli çəkməzdən əvvəl, mən həmin kadrın orijinalda necə görünəcəyini təsəvvürümə gətirirəm, onu sanki görürəm. O daima mənim fikrimdədir, mən onunla yaşayıram...

- Bilirəm ki, hətta durğunluq dövründə də nəinki İttifaqda, xaricdə belə - Fransada, İngiltərədə, Almaniyada sizin əl işlərinizə tələbat var idi...

- Bəli, o zamanlar bizə tez-tez SİTA vasitəsi ilə konkret mövzuda sifarişlər gəlirdi.

- Mövzu müəyyən bir çərçivəyə salınanda, təbii ki, müəllif üçün yaratmaq çətin olur.Sizə necə, qadağalar mane olmurdu ki?

- Əlbəttə. O zaman jurnalistika "arzu edilən həqiqət" şüarına əsaslanırdı. Yəni jurnalistlərin qarşısında daima bir fovqəlməqsəd var idi: həqiqəti verilən ideoloji göstərişlərə yönəltmək. Biz bu qaydalara riayət edirdik. Və mən elə hesab edirəm ki, peşəkar - hər hansı bir tapşırığın öhdəsindən asanlıqla gələn bir mütəxəssisdir. Bir də, demək olar ki, hər şey həmin tapşırığa nə çür yanaşmaqdan da asılıdır. Bir dəfə bir nüfuzlu İngilis jurnalı SİTA vasitəsi ilə mənə Azərbaycan Ali Sovetinin bir deputatı haqqında fotoreportaj hazırlamaq sifarişi verdi. Və qeyd olundu ki,müsahibim mütləq fəhlə sinifindən bir qadın olmalıdır. Tapdım. Onunla xeyli vaxt söhbət etdik, ancaq bir şey alınmırdı, birdən mən soruşdum: "Ümumiyyətlə siz Ali Sovetdə hansı işlə məşğulsunuz?" "Mən - ana və uşaq müdafiəsi komissiyasına daxiləm". Dərhal hər şey öz yerini tapdı. Mən qadının şəkillərini iclas zalinda, Opera və Balet Teatrının lojasında, onun, quraşdırıcı vəzifəsində çalışdığı soyuducular zavodunda... Və kulminasiya nöqtəsi - Krupskaya adına doğum evi. Baş həkimlə danışdıq,artıq çalışmağa başlamışdıq ki - birdən şöbədə kiminsə doğuş ağrıları başladı... "Analığın keşikçisi" isə birdən huşunu itirdi... Təbii ki, çəkiliş alınmadı. Ertəsi gün apardım onu Ana və Uşaq Müdafiəsi Komitəsinə. Yenə ağ xalatlar,ağ papaqlar geyindik, həmin xanıma körpələri göstəririk. Bu vaxt mən deyirəm ki: "Uşağı qucağınıza alın", onun gözləri isə qorxudan nəlbəki boyda oldu, eləcə də qorxa-qorxa körpəyə əllərini uzatdı . Və, nəhayət ki, alındı!

- Bəla asan. Bəs çətin iş məqamları necə, olmayıb ki?

- Olub. Özü də nəinki ağır, çox ağrı - acılı iş məqamlarım olub. 80-ci illərin sonu - 90-cı illərin əvvəlində mən bütün Qarabağı əvvəldən axıra gəzmişəm, Şuşada partladılan Ağa Körpüsünü ilk olaraq mən çəkmişəm. O zamanlar bizi nəqliyyatla təchiz etmirdilər də, odur ki, hər yerə öz şəxsi "Jiquli"mdə gedirdim. Qaçqınların,yarıdonmuş halda olan uşaqların, BTR -lərin altında qalan insanların şəklini çəkmək mənim üçün çox çətin idi. Qoşunlar şəhərə daxil olan kimi yanvarın 20-si səhər saat 8-də mən iki kolleqamla birgə şəhərə çıxdım. Səlyan qazarmaları yaxınlığındakı kəsişməyə çatdıq, indi orada "Avropa" mehmanxanası yerləşir. Hər yanda meyitlər,al qana boyanmış asfalt. Bu müsibəti necə lentə ala bildim - heç özüm də bilmirəm. Amma bacardım. Bu vaxt yoldaşlarımdan biri mənə dedi: "KAMAZ"a yaxınlaş". Yaxınlaşdım.Baxıram. Qazarmaların hasarı, darvaza, onun üzərində isə ulduzlar. Perimetrlə - əsgərlər, onlardan 10 metr uzaqda isə - "KAMAZ". Təkərlərin altında - bir cavan oğlanın əzilmiş bədəni, mərhumun üzərində isə onun gənc qardaşı fəryad edir...

- Bəs nə əcəb əsgərlər sizin kameranı sındırmadılar?

- Kameranı...Mən özüm kolleqam Dima Kalininin sayəsində sağ qala bildim. Mən şəkil çəkən zaman, o, zabitlə söhbət edirmiş. Məni kamera ilə görən zabit avtomatla məni nişan alıb. Dima məni xilas edib: "Sən nə edirsən? Bu ki, SİTA - nın müxbiridir!",-deyə, zabitin fikrini yayındırıb. Biz Moskvaya bir-neçə şəkil göndərdik və əvəzində, "Siz saxtakarlıqla məşğul olursunuz!", cavabını aldıq. SİTA fotoxronikasının rəhbərliyi ilə çox xoşagəlməz söhbətimiz oldu, və o vaxtdan biz onlarla əməkdaşlığımızı kəsdik. Şəkilləri tam təmənnasız olaraq xarici agentliklərə göndərməyə başladıq, çünki bizim üçün həmin an ən vacib məsələ o idi ki,bütün dünya 20 yanvar barədə həqiqəti öyrənsin.

- Şəkillərin əksəriyyəti indi də müəllifin adı göstərilmədən dərc edilir. Gerçəkdən, bütün dünyanın KİV-ni dolaşan 20 yanvar qurbanlarının dəfn mərasimini əks etdirən məşhur şəkil də onların arasındadır. Bundan incimirsiniz ki?

- Əksinə, fəxr edirəm. Müəllifliyə gəldikdə isə onu deməliyəm ki, o dövrün digər şəkilləri kimi bu şəkil də sonralar müxtəlif sərgilərdə artıq imzalanmış tərzdə nümayiş olunub. Həmin şəkillər mənə həddindən artıq doğmadırlar. Çünki onlarla bağlı çox təəssüratlarım, xatirələrim var. Həyatımda müxtəlif dramatik hadisələr də baş verib -bunların hamısı bizim ümumi yeni tariximizin bir hissəsidir. Ümidvaram ki, nəvaxtsa bu haqda yazacağam.

- Sizə, Azərbaycan Prezidentinin mətbuat xidmətində akkreditə olunmuş məşhur fotojurnalistə tez-tez dövlətin birinci simaları ilə işləmək nəsib olub və bu hal-hazırda da davam edir. Bu çətin deyil ki?

- Məsuliyyətlidir. Və eyni zamanda maraqlıdır.

- Hamı bilir ki, Heydər Əliyev jurnalistlərin əməyini yüksək qiymətləndirirdi. Siz öz üzərinizdə bunu hiss etmisinizmi?

- O jurnalistlərin hamısını sifətdən tanıyırdı. Əgər insan həqiqətən tərifə layiq idisə, o bunu dəyərləndirirdi. Bir dəfə mən digər jurnalistlərlə bərabər Amerika səfirliyində çalışırdim: orada ABŞ -ın Müstəqillik Gününə həsr olunmuş bir tədbir keçirilirdi. Məni görən kimi, Heydər Əliyev səfir Stenli Eskudero ilə söhbətini kəsdi və məni öz yanına çağırdı və dedi: "Bilirsinizmi, bu adi fotomüxbir deyil. Bu çox yaxşı fotomüxbirdir. Onun 1990 -cı ildə mənim Bakıya gəldiyim vaxtda çəkdiyi şəkilləri indiyə qədər arxivimdədirlər." O, başqalarının zəhmətinə qiymət verməyi bacarırdı. Daha bir epizodu danışım sizə. "Xəzərin Neft və Qazı - 95" adlı sərginin işıqlandırılması üçün ABŞ-ın Energetika Nazirliyindən sifariş aldım. Mərasimdə iştirak etmək məqsədi ilə Vaşinqtondan Bakıya ABŞ-ın Energetika Naziri xanım O'Lirinin başçılıq etdiyi nümayəndə heyyəti gəldi. Mərasim başlanır. Çəkirəm...Birdən - dəhşət! Azərbaycanın Prezidenti və Energetika Naziri bir-birinin əlini sıxan zaman mənim kameramda lent sona yetir. Mən tez bir zamanda kasseti dəyişirəm, lakin saniyələr məni gözləmir, kamera artıq hazır olanda, Heydər Əliyev və O'Liri, əlsıxma mərasimini bitirərək, pavilyonlarla tanışlığa başlamaq üçün mətbuat nümayəndələrinə artıq kürəklərini çevirirlər. Elə bu vaxt mən qoçaqcasına ingiliscə qışqırıram: "Mister prezident, bir dəqiqə". Heydər Əliyev dönür və məni baxışı ilə axtarıb tapır. Mən yalvarıcı jestlərimlə ona məsələnin məğzini anladıram və əlsıxmanın bir daha təkrar olunmasını xahiş edirəm. Prezident başı ilə mənə razılığını bildirir və mənim xahişimi yerinə yetirir.

Artıq pavilyonlara baxarkən məni görəndə, Heydər Əliyev həmin hadisəni yada saldı

və gülərək dedi: "Xayrulin,sən nədən mənimlə ingiliscə danışdın?" Mən başıma

gələnləri, yəni, ən vacib kadrı az qala qaçıracağımı ona anladıb, öz dərin

minnətdarlığımı bildirdim. Bax belə bir əhvalat.

- Blits - müsahibəyə necə baxırsınız?

- Olar, əlbəttə ki!

- Fotomüxbir üçün ən vacib şey nədir?

- Mövzunu görmək.

- Bu sənət nə ilə sizi özünə cəlb edir?

- İnsanlarla ünsiyyətdə olmaq imkanı ilə.

- Bu peşəni tərk etmək istəyiniz olubmu?

- Tərk etmişdim bir dəfə. Avstriyanın məşhur şirkətlərinin birində kommersiya direktoru vəzifəsində çalışdım. Ancaq anladım ki, bu mənim işim deyil. Və qayıtdım.

- İş ritminiz?

- Yüngülvari seytnot.

- İşinizdə nəyi sevmirsiniz?

- Mənə deyəndə ki: "Bunu belə çək,bunu isə başqa cür...".

- Oxumağa vaxt qalır?

- Əlbəttə!

- Mən kitab oxumağı nəzərdə tuturam.

- Elə mən də.

- Sizin üçün ən qiymətli mükafat nədir?

- Həyat.

- Mükafat...

- Mən dəfələrlə ölümlə əlbəyaxa olmuşam. Ona görə də elə dediyim kimi - həyat!

- Fərid, adətən yubileylərdə nəyəsə yekun vurulur...

- Bu haqda heç fikirləşmirəm də. Mən öz yaşımı hiss etmirəm. Əfsuslar olsun ki, idmanla məşğul olmuram, halbuki bir zamanlar basketbol üzrə respublikanın yığma komandasına daxil idim. Siqaret çəkmirəm. Alkoqoldan yalnız müalicəvi məqsədlərlə istifadə edirəm. Bu yaxınlarda insanın fiziki yaşını müəyyən edən testlərlə tanış oldum. Tapşırıqların hamısını yerinə yetirdim, birindən başqa,- yumulu gözlərlə bir ayaq üstündə bir dəqiqə dayanmaq lazım idi.

- Testlərə əsasən hal hazırda sizin neçə yaşınız var?

- 40. Yaxşı, 45!

- Yenə də yuvarlaq rəqəm alındı! Yekun vurmursunuzsa, heç olmasa gələcək planlarınızdan danışın?

- Planlarımda - işləməkdir... Çünki mənim bir arzum var. Qobustanı çəkmək, Bakı və Azərbaycanın digər şəhərləri və rayonlarından bəhs edən albom yaratmaq. Özü də ki, il boyu çəkilişlər aparmaq: qışda, yayda... və gün ərzində. Axı ilin fəslindən və günün vaxtından asılı olaraq hər şey bam-başqa olur, yeniləşir.

- Bəs bu arzuya çatmaq üçün sizə nə mane olur?

- Seytnot.

- Goy sizin bütün arzularınız həyata keçsin. Və nəinki sizin, hamımızın.

Lyudmila Xoxlova
“Azerbaydjanskiye İzvestiya” qəzeti,
25 iyul 2007 il.