pressa

Şəhər qərəzsiz obyektivdə

Azərbaycan Muzey Mərkəzinin qalereyasında geniş tamaşaçı auditoriyasına təqdim olunan budəfəki fərdi sərgisini məşhur fotojurnalist Fərid Xayrulin "Bakı dünən,bu gün..." adlandırıb. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə baş tutan bu tədbirə "ADEC", "BAKOND", "A+A", "NAR MOBİLE" və "AF- GROUP" kimi şirkətlər sponsorluq etdilər.

Ekspozisiyaya yüzə yaxın foto daxil edilmişdir, sərginin adına daxil olan "dünən" sözü isə heç də hansısa uzaq keçmişə aid deyil. Əslində bu sərgidə cəmi iki köhnə foto var idi: birincisi- 1982-ci ildə müəllifin çəkdiyi Bakının panoramasıdır, digəri isə 2001-ci ilin fotosudur, onu da öz növbəsində tarixi foto adlandırmaq olar, çünki son bir-neçə ildə şəhər həddindən artıq dəyişib. Həmin sərginin əsas mahiyyəti də məhz elə bundadır - hazırda Bakıda tüğyan edən tikinti canlanmasını foto vasitəsi ilə tamaşaçıya çatdırmaq.

Vernisajın başlıca kompozisiyası onun mənasını dolğunluqla əks etdirir: ön planda - bizi tərk edən Bakıya xas olan tipik "italyansayağı" məhəllə, arxa planda isə - əzəmətli gözəl göydələnlər. Bu rəmzidir, çünki sərgiyə əsas əhval-ruhiyyə verən artıq yaşayış üçün yararlı olmayan köhnə tikililəri əvəz edən yaraşıqlı binaların zəruriliyi və mövcudluğu ilə bağlı pozitiv fikir oldu. Sənətkar öz yaradıcılığı ilə şəhərin mərkəzində belə insanların çox darısqal şəraitdə yaşadıqları bu cür küçələrin hələ də mövcud olmasına etirazını bildirir. Ümumiyyətlə, bir sıra foto qədim məhəllələrə xas olan qaranlıq, zülmət,dar dalanlara həsr edilib. Fərid Xayrulin deyir ki,"İnsanlar bu cür yaşamamalıdır!"

Məhz buna görə o öz fərdi sərgisindəki işlərin əksəriyyətində şəhərə doğrudan da yaraşıq verən, layihə baxımından ən orijinal sayılan yeni tikililəri seçərək, onların gözəlliyini və rəngarəngliyini əks etdirib. Lakin fotorəssamın diqqətini yalnız artıq hazır olan yaşayış kompleksləri cəlb etməyib. Fərid Xayrulin tikintinin həqiqi estetikasını,bu sənayenin mədəniyyətini tamaşaçıya yüksək peşəkarlıqla göstərməyi bacarır. Nəticədə tikinti prosesinin özü belə sənətkarın obyektivi altında sanki bir möcüzəyə çevrilir. Belə ki, evin təməli qoyulan zaman oraya beton daşıyan, müəllifin fikrinə görə tikinti texnologiyasının "qan damarları"na bənzəyən, al rəngli mikserləri əks etdirən kompozisiya bu sıradandır.

Bununla belə fotomüxbir digər nyuanslara da həssaslıqla yanaşır. Şəkillərin birində o, xarabalığa çevrilmiş köhnə birmərtəbəli evin və sanki onun üzərinə yıxılan yeni tikilən binanın arasındakı kontrastı göstərib. Xarabalıqlardan boylanan bir qoca,yarıgurumuş ağacın budaqları sanki itirmək istəmədiyi keçmişdən bərk-bərk yapışıb, buraxmır...

Sözsüz ki, sərgilənən bütün işlər yalnız "qarşıdurma"nı əks etdirmir. Onların bəzilərində sadəcə olaraq şəhərimizin gözəl, yaraşıqlı quşələri və görüntüləri təsvir edilib. Buraya qədim arxitektur binalar, habelə lap təzə tikililər, həmçinin artıq öyrəşdiyimiz, lakin yeniləşdirilən binalar da daxildir. Bu cür işlərin sırasına, məsələn, bərpa olunan Yaşıl Teatrın açılışına həsr edilən mərasimdən bir şəkil də daxildir. Çoxsaylı fənərlərlə işıqlandırılan Bakı gecəsinin görüntüləri bütünlüklə al-əlvan işıqlar saçan səhnəni sanki çərçivəyə alır.Umumiyyətlə, Fərid Xayrulinin işlərində rəng çox mühüm rol oynayır. Məsələn, qızılı-qara rəngdə olan Milli Bankın binasının şəkli tamaşaçıda ölkə rifahının təməli, əsası sayılan "qara qızıl" barədə fikirlər yaradır. Ancaq bütün bunlara baxmayaraq, fotorəssam Fərid Xayrulin tamaşaçıya birmənalı fikirlər təqdim etmir, yəni öz nöqteyi-nəzəri ilə tamaşaçını yormur. O deyir ki, "Mən sadəcə olaraq məni maraqlandıran, biganə qalmadığım mövzulara müraciət edirəm. Bundan nəticə çıxartmağı isə tamaşaçının ixtiyarına buraxıram".

Nailə Bənnayeva, sənətşünas
“Azerbaydjanskiye İzvestiya” qəzeti,
11 dekabr 2008 il.